Saysız-hesabsız məktub göndərib əvəzində nə cavab, nə də satışı həyata keçirməyəndə məyus olursan. Vəziyyəti düzəltmək üçün mətn yazılışına yanaşmanı dəyiş. Bu, Pareto prinsipinə əsasən 80% nəticəni verən həmin 20% olacaq.
1. ROBOT KIMI YAZMA
Canlı, hisslər ilə yaz. Salamlaş, adla müraciət et. Bürokratik “Siz”-i unut. Özünlə Azərbaycan dili lüğətini saxla, orfoqrafiya, leksika və punktuasiyanı yoxlamaq üçün saytları brauzerdə əlfəcin et. Mətni strukturlu et və abzaslara böl. Qısa cümlələr yaz, siyahıları tərtib et, başlıqlar və alt başlıqlar yaz. Mətnin səhvsiz yazıldığına əmin deyilsən? Kopirayter, redaktorla əməkdaşlıq et və mətni xüsusi proqram təminatlarında yoxla (internetdə asanlıqla tapılır).
2. OXUYUCULARIN “DİLİNDƏ” DANIŞ
Qızıl qayda. Məktub yazdığın, e-poçt göndərişi yolladığın insanlar haqda bacardığın qədər çox məlumat al və biznesin köməyliyi ilə onların hansı problemlərini həll edə biləcəyini anla. Fokusu öz üzərindən müştərilərə yönəlt.
3. DÜZGÜN BAŞLIQLAR VƏ PREVYU SEÇ.
Hamımız gün ərzində yüzlərlə məktub alırıq. Məktubunun müştəri tərəfindən oxunması seçdiyin başlıqdan asılıdır. Başlıqda nə yazmaq olar? Ən vacib məqamları yaz. Müştəriyə məktubu göndərmə səbəbini vurğula. “Unikal təklif”, ”müvəqqəti endirimlər”, ”sualımız var” kimi başlıqlardan vaz keç. Poçt qutunda “Spam” qovluğunu yoxla - bir neçə məktubu oxu və biləcəksən ki, məktub yazarkən nəyi etmək olmaz. Sevimli brendlərin və şirkətlərin göndərişlərinə abunə ol, ən yaxşısını axtar və “əsl rəssam tək oğurla”.
4. REAL İNSANLARIN ŞƏKİLLƏRİNİ İSTİFADƏ ET
Stok foto servislərini və axtarış saytlarının “Şəkillər” bölümünü unut (ən azından axtarış zamanı şəkili birinci səhifədən götürmə). Həmçinin, ofisdə və ya müşavirədə gülümsəyən modellər, strazlı güllər və sual işarəsi olan şəkillərdən də istifadə etmə. Komanda haqda danışmalısan? Ofisdə, küçədə, parkda yaxud biznes-mərkəzdə ağ fon önündə komandanın fotosunu çək. Yeni məhsul hazırlayırsan? Yaxşı işıqlanma şəraitində fərqli bucaqlardan 5-10 foto çək (yaxından, uzaqdan, yuxarıdan, aşağıdan, əldə və ya əşya ilə).
5. HEKAYƏ KİMİ DANIŞ (ONU SATMA)
Mətn birjaları artıq keçmişdə qalır. Mətndə çox söz olmamalıdır. Əsas mənadır. Fərz et ki, yaşlı bir insanla danışırsan. Sən axı onu çaşdırmaq istəməzsən, elə deyilmi? Pis eşitməsini, pişiyə, televizorda xəbərlərə və təqaüd islahatı haqda xəbərlərə diqqətinin yayınmasını nəzərə alaraq, danışarkən sən daha da müfəssəl olmalısan. Aydın və başa düşülən tərzdə danış: nə, harada və nə vaxt baş verib, nə ilə nəticələnib və bu niyə vacibdir. Gözəl şəkilləri, videoları, GİFləri və infoqrafikanı əlavə et. E-poçt üzrə göndərişlər kinoya bənzəyir. Bütün bloklar əlaqədədir: vizual hissə ab-havını ötürür, mətn ətraflı məlumat verir.