Zamanının səmərəli və effektiv idarə olunması

Ətrafımızda baş verənlərdən asılı olmayaraq özümüzə vaxt ayırmağı öyrənirik.

SƏHƏR YUXUDAN BİR SAAT DAHA TEZ DUR

Demək asandır! Sən bu işdə azca hiyləgər ol: zəngli saatı həmişəkindən bir saat daha tezə qur və özünü sanki heçnə olmamış kimi apar. İdeal plan: ilk on dəqiqə oyanmağa, daha sonra bir qurtum limonla ilıq su, gimnastika üçün bir neçə asana (qışda) və ya ev ətrafında gəzinti (yayda, əlverişli hava şəraitində), duş qəbul etmək. Bütün bunları başa çatdıranda görəcəksən ki, başqaları hələ təzə-təzə yuxudan oyanır. Xoş hissdir, deyilmi?

VƏ GÜNÜNÜ PLANLAŞDIR

Işlər siyahısını yazmaq ilə həqiqətən də faydalı işlər siyahısını yazmaq arasında böyük fərq var. Həftə ərzində neçə dəfə eyni işi siyahının sonuna əlavə edirik? “İki kilo arıqlamaq” və  ”beş yeni kitabı oxumaq” tipli işləri bir günə etmək mümkün deyil. Digər həlli təklif edirik.

İşlər siyahısını ən böyük işdən başla. Onu tamamlamaqla sən ən azından özünü qalib kimi hiss edəcəksən və digər işlərin öhdəsindən asanlıqla gələcəksən. Amma vacib işlərin sayında həddi keçməyi məsləhət görmürük. Günə üç-beş həqiqətən vacib iş kifayətdir.



İŞ GÖRDÜKDƏ SİYAHI ARDICILLIĞINI TƏQİB ET

Qadınlara daha asandır, çünki onlar eyni zamanda bir neçə iş görə bilirlər. Amma əgər bir oturuşa yeddi iş görmək istəsən, stress göstəricisinin yeddi dəfə artma riski peyda olur. Öyrəşdiyin multitaskinq (eyni zamanda bir neçə iş görmək qabiliyyəti) əvəzinə addım-addım iş görmək üzərində fikrini cəmləndir. Sildiyin (yəni yerinə yetirdiyin) hər bir işlə özünü daha xoşbəxt, daha rahat hiss edəcəksən və sonda həmin yeddi işi gördüyünü aşkar edəcəksən. Və bütün bunlar heç bir stress keçirmədən.

NƏYİSƏ DƏRHAL ETMƏK MÜMKÜNDÜRSƏ, ONU O SAAT ET

Ən sadə qayda - əgər tapşırıq iki dəqiqə vaxtını alacaqsa, onu yubanmadan et. Masanın tozunu almaq? Əskini götür və tozu sil. Həkim qəbuluna yazılmaq? Klinikaya zəng et və qəbul vaxtını və tarixini seç. Çoxdandı soruşmağa ürəklənmədiyin suala cavab almaq? Uzatma, indi soruş. Belə etməklə nəticələrdən və qənaət etdiyin vaxtdan həzz alacaqsan.


SƏNİ İŞİNDƏN HEÇNƏ AYIRMASIN: BİLDİRİŞLƏRİ SÖNDÜR

İş gördükdə e-poçtdan gələn yeni məktuba, layklara, şərhlərə və bildirişlərə fikrini yayındırmaqdansa, bütün bildirişləri söndür. İnan ki, dəhşətli heç nə baş verməyəcək. Əgər vacib işdirsə, dostların və iş yoldaşların hər zaman sənə zəng edə və ya gözləyə bilərlər. Kritik vəziyyətlərdə aviarejimi aktiv et - o zaman fikrini heç nə yayındıra bilməz. Özünü təqsirli hiss etmə: həyatını başqa insanlar və qadjetlər deyil, məhz sən idarə edirsən.

Mətn: Şəkil: Oriflame