Baş aşpaz hər zaman liderdir. Siz restoranlar açırsınız, yeni layihələrə imza atırsınız, insanları öz arxanızca aparırsınız, onları ruhlandırırsınız. Uğurun əsası nədir?
-Uğur qazanmaq üçün hansısa bir xüsusiyyətin deyil, xüsusiyyətlər cəminin mövcudluğu gərəkdir. Sən insanlara enerji və ruh yüksəkliyi bəxş etməlisən. Məni "alışdırıcı" adlandırırlar. Deyirlər ki, mənimlə ünsiyyətdən sonra insanların əhval-ruhiyyəsi düzəlir, insanların enerjisi artır. İnsanlarda daxili enerji çoxdur, əsas onu aşkara çıxarmaq və ondan düzgün istifadə etməkdir. Düzgün qida insanların yüksək əhval-ruhiyyədə olmasının əsas amillərindən biridir. Məsələn, mən bilirəm ki, həddindən artıq çox yesəm, səhər-səhər özümü istədiyim kimi yaxşı hiss etməyəcək, həmişə işlədiyim kimi işləyə bilməyəcək və bütün liderlik keyfiyyətlərimi itirəcəm. Qidana nəzarət etməklə bərabər idmanla məşğul olmalısan. Ümumiyyətlə götürsək, insanın lider olmaq istəyi onun tərbiyəsindən irəli gəlir və ya ona təbiət tərəfindən bəxş edilir. Birisi bu keyfiyyətə sahib olmaq istəyir, digərisi isə istəmir. Bu, insanın xasiyyətindən asılıdır. Mənə gəldikdə isə, başqa cür ola bilməzdim.
Keçmişə nəzər salsaq, gənc olarkən gələcəyinizi necə görürdünüz? İstədiklərinizə nail ola bildinizmi?
-Hə. Mənim məqsədim 30 yaşımın tamamında yaxta almaq idi. Hə, bu çox ciddi bir arzu idi (gülür). Hazırda mənim 33 yaşım var, yaxta almamışam, lakin qayıq ala bilərəm. Söhbət ondan gedir ki, mən pul qazanmaq haqqında düşünmürdüm. Mən baş-aşpaz olmaq istəyirdim, bunun üçün səylərimi əsirgəmirdim, çalışırdım. Xırdalıqlara diqqət yetirmək, fəallıq və biliklərimlə bölüşmək istəyi mənə rəhbər olmaqda kömək etdilər. Boss deyərdi: "Mətbəxi Saşaya həvalə etsək, hər şey nəzarətdə olar". Mən sadəcə ayın sonunda maaş almaq üçün işə gəlmirdim. İş həyatımın mənası idi. Çətin idi, lakin mən həmişə öz işimdən həzz almışam. Axı bu işi mən özüm seçmişdim. Mən indi də sevimli işimlə məşğulam. Bu əsas amildir. Əvvəlcə baş-aşpaz, sonra isə restoran sahibi olmaq istədim. Təcrübə qazanmaq üçün dünyanın bir çox ölkəsinə səyahət etdim. Xaricdəki restoran işi ilə tanış oldum və qazandığım təcrübəni paylaşmaq qərarına gəldim. Restoranın dörd divarı arasında sadəcə yemək bişirən adam olmaq istəmədim. Televiziya proqramının aparıcısına çevrildim, iki mətbəx kitabının müəllifi oldum, indisə sağlam şəkildə qidalanmanın üsullarını öyrədirəm. Biznes mənim üçün bir oyundur.
Ilk çəkiliş nə ilə yadda qaldı?
-Çəkilişə hazırlaşırsan, kamera qarşısında çoxlu vaxt keçirirsən, yorulursan. Lakin nəticəni görüb rəyləri eşidəndə anlayırsan ki, çəkdiyin zəhmət hədər deyilmiş. Insanlar mənə "Siz enerji verirsiniz. Sizin yemək bişirmək üsullarınız çox şən və xoşdur" sözlərini deyəndə sevindiyimdən özümə yer tapa bilmirəm. Bizim peşəmiz insanlarda xoşbəxt emosiyalar yaradır.
Siz qida hazırlamağın sadə üsullarını təbliğ edirsiniz. Siz çox şən, sadə və açıq təbiətli insana bənzəyirsiniz. Bu, həqiqətən belədirmi? Sadəliyiniz biznesinizə mane olurmu? Axı biznesdə hər şey baş verir, aldatma hallarına tez-tez rast gəlinir, razılaşmalar pozulur.
-Bəli, mən sadəyəm. Bu keyfiyyəti mən itirməmişəm və itirmərəm. Biznes çox ciddi işdir. Mən kobud və sərt ola bilərdim. Əlbəttə, məni aldadanlar da olub. Lakin həyata nikbin yanaşma sayəsində mən daha da böyük uğurlar qazancam.
Nə işlə məşğul olacağını düşünən 15 yaşlı gəncə nə tövsiyə edə bilərsiniz?
-İlk növbədə, nə istədiyini müəyyənləşdirməlisən. Məni həmişə qida maraqlandırıb. Mən yemək yeməyi sevirdim, tez-tez müstəqil şəkildə yemək hazırlayırdım, anamın və nənəmin yemək bişirməsini izləyirdim. Sonra bu işin mənlik olduğunu dərk etdim. Mən heç zaman gələcəkdə nə işlə məşğul olacağım və hansı peşəni seçəcəyim haqda düşünməmişəm.
Ürəyinizə yatan işi seçin və hər zaman öyrənməkdə olun. İndi hər şey əvvəlkindən daha sadədir. Uğuru istənilən biznesdə qazanmaq olar.