Özünü qınamadan özün üçün yaşamaq

Özünə sevgi hissinin möcüzələr törətdiyi haqda danışırıq

1. ÖZÜNƏ DƏSTƏK OL

Bəşəriyyəti, dostlarını, yaxınlarını xilas etməkdənsə, özünə diqqət yetir. Unutma ki, sənin arzuların başqalarının həyatından və xoşbəxtliyindən vacibdir. Və özünü seçdiyinə görə günah hissi duymamalısan. Həmçinin, kiminsə sevgisini qazanmağa çalışmamalısan. Sən sadəcə sən olduğuna görə sevgiyə layiqsən. Özünə xoşbəxt olmağa kömək edərək yaxınlarına da sənin yanında olmaq xoş olacaq.

İşləri necə qaydasına salmaq olar: İşlərinlə məşğul ol. Çoxdandı təxirə saldığın işləri gör. Özünü pis hiss edirsənsə, evdən çıxma. İşdən icazə al və gününü kinolara baxmaqla keçir. Çoxdandır görmədiyin dostlarınla görüş. Daha tez yat.

2. DƏRHAL CAVAB VERMƏ

Səndən kimsə kömək istəsə, ilk növbədə düşün. Beləliklə, kömək etməyə qadir olub-olmadığını anlayacaqsan. Əks halda, gücünə uyğun olmayan məsuliyyəti öz üzərinə götürmüş olacaqsan.

İşləri necə qaydasına salmaq olar: həyatının hansı hissəsində tələsik qərarlar verdiyini düşün və “Yox” deməyə başla. Bu, başqalarının problemlərini həll etmək əvəzinə istədiyin həyatı yaşamağa kömək edir.


3. AĞRI VƏ YA XƏSTƏLİYİN ÖHDƏSİNDƏN GƏLMƏ

Əziyyət çəkmək cəsarət demək deyil. Əziyyət dedikdə xəstə ikən işə getməyi, istirahətsiz işləməyi və şəxsi tələbatlarına əhəmiyyət verməməyi nəzərdə tuturuq. Bu, səni başqalarının gözündə qəhrəman etməyəcək. Sən xəstə olarkən o biri insanları da yoluxdura bilərsən. Tələb olunandan çox işləyəndə və xroniki yorğunluq zamanı sən hətta sadə tapşırıqların öhdəsindən çətinliklə gələcəksən. Belə etmək olmaz.

İşləri necə qaydasına salmaq olar: gündəlik tərtib et. Hər gün fiziki və mənəvi hiss etdiklərini yazmaq üçün 15 dəqiqə vaxt ayır. Beləliklə bir əldə iki qarpız tutmuş olacaqsan: həm mənfi enerjidən qurtulacaqsan, həm də suallarına cavab tapacaqsan.


4. XOŞLADIĞIN İŞLƏ MƏŞĞUL OL

Xoşlamadığını etmək, bəyənmədiyin işdə işləmək, sənə layiq olmayanlarla yaşamaq - budurmu arzuladığın həyat? Əminik ki, bu belə deyil. Həyatında yeniliyə start vermək, riskli qərarlar vermək sənin üçün qorxunc gəlir? Səni anlayırıq. Amma öz həyatını yaşamamaq daha da qorxunc və sağlamlığına zərərlidir.

İşləri necə qaydasına salmaq olar: həmişə məşğul olmaq istədiyin iş haqda düşün. Rəsmlə məşğul olmaq? Yaxınlıqda rəsm kurslarını axtar. Rəqslə məşğul olmaq? Rəqs məktəblərindən ürəyinə yatanını seç. Bizneslə məşğul olmaq? Məşhur sahibkarların master-klaslarında iştirak et və səni maraqlandıran bütün suallara cavab tap. Bəlkə bu sənə start verməyə ilhamlandıracaq?


5. TƏKBAŞINA QƏHRƏMAN OLMAĞA ÇALIŞMA

Belə deyim var ki, tez getmək istəyirsənsə, tək get. Uzaq getmək istəyirsənsə, birlikdə gedin. Bütün məsuliyyəti öz üzərinə götürmək düzgün deyil. Bu həddindən artıq çətin işdir. Yaxşısı həmfikirlərinlə tanış ol və komanda şəklində işlə.

İşləri necə qaydasına salmaq olar: səlahiyyətləri bölüşün. Hər şeyi ideal etmək mütləq deyil. Çox zaman iş sadəcə yerinə yetirilməlidir (ideal olmasa belə). Başqalarına cəhd və səhv etməyə imkan yaradaraq sən onlara inkişaf etməyə, məsuliyyəti hiss etməyə, özünə isə şəxsi işlərinə vaxt ayırmağa kömək edəcəksən.

 
Mətn: Şəkil: Orifame