Konnyaku süngəri: bu təmizləyici aksessuar haqqında bilmədiyin 5 fakt

Bu kiçik və çox funksiyalı alət çox həssas və incə dərinin təmizlənməsi və cilalanması üçün istifadə olunur. Bundan əlavə, onun, həmçinin digər faydalı xüsusiyyətləri də var.

1. TƏBİİ VƏ BİOPARÇALANANDIR
Asiya mənşəli “Amorphophallus konjak” bitkisinin kökündən alınan bu süngər 100%-li bitki liflərindən hazırlanmışdır. Digər təmizləyici aksessuarlardan fərqli olaraq onun tərkibində sintetik əlavələr yoxdur. Bundan əlavə, süngər 100% bioparçalanandır, yəni istifadədən sonra su mühiti üçün tam təhlükəsizdir 

2. ÇOX HƏSSAS DƏRİYƏ DƏ UYĞUNDUR 

Süngəri sevdiyin təmizləyici vasitəsilə birlikdə dərinin dərindən təmizlənməsi və ölmüş hüceyrələrdən azad olunması üçün istifadə et. İncə tərkibli bu vasitə qıcıqlanmaya səbəb olmur və çox həssas dəriyə uyğun gəlir. Süngərin ölçüsü onun ovucun içində yerləşməsinə imkan verir. 

3. PARLAQLIQ VERİR 
Sağlam və gözəl dəri hər zaman dəbdədir. Bu nəticəni düzgün qayğı, qidalanma və yuxu vasitəsilə əldə etmək olar. Eyni nəticəni, həmçinin Konnyaku süngəri də verir. Süngərin istifadə qaydası aşağıdakı kimidir: süngəri 5 dəqiqə müddətində isti suda saxla. Nəmləndirilmiş dərinin üzərinə yuyunmaq üçün gel çəkib dərinin üzərində süngəri aşağıdan yuxarıya dairəvi hərəkət etdir. Hərəkət edərkən süngəri gözlərinin ətrafına yaxınlaşdırma. Üzünü isti su ilə yu və dəsmalla qurula. Əla! İndi sənin dərin sağlamlıq saçır.

4. TƏMİZLƏYİR VƏ CİLALAYIR
Konnyaku süngəri Yaponiyada işlənib hazırlanmışdır. Çox incə tərkibli olduğundan, ilk əvvəl o, körpə dərisinin təmizlənməsi üçün nəzərdə tutulurdu. Sən süngərdən yalnız üz deyil, həm də bütün bədən dərisinin təmizlənməsi üçün istifadə edə bilərsən. Məsələn, sinə və kürək kimi akne xəstəliyinin yaranma ehtimalı çox olan bədən hissələrində. Müntəzəm istifadə edildikdə süngər qara nöqtələrin sayının azalmasına və genişlənmiş məsamələrin darlaşdırılmasına kömək edir.

5. SÜNGƏRƏ DƏ QAYĞI LAZIMDIR
Əksər süngərlərin antibakterial olmasına baxmayaraq, onlar özləri özlərini təmizləyə bilmir. Süngəri təmizləyici vasitə ilə yumağı, asılı vəziyyətdə qurutmağı və ayda bir dəfə dəyişməyi unutma.

 

Mətn: Şəkil: Con Baddi/ Krosbi